Səhiyyə Nazirliyinin Əsasnaməsi

                                                                               

 

           

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SƏHİYYƏ NAZİRLİYİ HAQQINDA

ƏSASNAMƏ

 

I.Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) əhalinin sağlamlığının qorunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali  Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan  Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə  orqanları və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk oluıımuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Nazirlik Naxçıvan şəhərində yerləşir.

 

II. Nazirliyin fəaliyyət istiqamətləri

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. Müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafı üzrə müxtəlif proqramlar hazırlayır və həyata keçirilməsini təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Nazirliyin vəzifələri

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. əhaliyə tibbi yardımın göstərilməsini təmin etmək;

8.1-1. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;

8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

8.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.4. müvafiq sahənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik prosesin və əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədi ilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq;

8.5. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə, orta ixtisas tibb təhsilinə rəhbərliyi və nəzarəti, uşaqların icbari dispanseri­zasi­yasının həyata keçirilməsinə nəzarəti, qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirmək, tibb təhsilinin, tibb sahəsində elmi-tədqiqat işlərinin aparılmasında iştirak etmək;

8.5-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;

8.5-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlamaq;

8.5-3. uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısını təsdiq etmək, dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparmaq, onların uçotu qaydasını və dispanserizasiyanın təqvimini müəyyən etmək, dispanserizasiyadan keçmiş uşaqların registrini yaratmaq və aparmaq;

8.6. öz səlahiyyətləri daxilində muxtar respublika ərazisinin karantin infeksiyalarının gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli yeyinti məhsulları və istehlak mallarının idxalından sanitariya mühafizəsini təmin etmək, bu sahədə gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək ;

8.7. qanunvericiliyə uyğun olaraq gigiyenik sertifikatlaşdırma işinin aparılmasını təşkil etmək;

8.8. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək;

8.9. qanunvericiliyə uyğun olaraq xüsusi icazənin verilməsini təmin etmək, hüquqmüəyyənedici sənədlər vermək;

8.9-1. özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımına rəy vermək;

8.10. əhalini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək;

8.10-1. öz səlahiyyətləri daxilində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən etmək, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək;

8.10-2. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli muxtar respublika komandalarının idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək;

8.11. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

8.12.müvafiq qanunvericiliklə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində səhiyyə orqanlarına həvalə edilən məsələləri həll etmək;

8.13. orta ixtisas tibb təhsili müəssisələrində tibb və əczaçı kadrlarının hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək,  qurumlarını ixtisaslı kadrlarla təmin etmək;

8.13-1. səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirmək ;

8.13-2. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;

8.13-3. tibb müəssisələrinin akkreditasiyasını həyata keçirmək;

8.14. muxtar respublika ərazisində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq;

8.15. müvafiq sahənin hərtərəfli inkişafı üçün zəruri tədbirlər görmək;

8.16. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.17. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.18.  qurumlarında çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;

8.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.20. öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaq;

8.21. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə sahəsində elmi tədqiqatları inkişaf etdirmək və bu sahədə nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.22. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.23. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.24. dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və müvafiq dövlət orqanlarına qanunvericiliyə uyğun olaraq çatdırılmasını təşkil etmək;

8.25. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.26. mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;

8.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.28. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək;

8.29. Kurort fondunun dövlət uçotunu aparmaq, kəşf edilmiş təbii müalicə ehtiyatlarnın dövlət ekspertizasını həyata keçirmək;

8.30. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Nazirliyin hüquqları

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1.   müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər  vermək;

9.2. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, xəstəliklərin qarşısını almaq, əlilliyin, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun və ölüm hallarının azaldılması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirləri həyata keçirmək;

9.3. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaması üzrə tədbirlər işləyib hazırlamaq, əlaqədar qurumlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyenik tərbiyəsi üzrə tədbirlər keçirmək, ana və uşaqlara müalicəprofılaktika yardımını təşkil etmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət etmək, qanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq;

9.4. muxtar respublika üzrə kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;

9.5. qanunvericiliyə uyğun olaraq dövlət məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;

9.6. əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək, müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək;

9.7. qabaqcıl təcrübənin, tibb elminin nailiyyətlərinin tətbiqini təmin etmək, tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını istiqamətləndirmək;

9.8. tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin təhsil müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək;

9.9. səhiyyə müəssisələrinin və əhalinin tibb təyinatlı məmulatlara, sanitar avtomobillərinə, tibb texnikasına və s. tələbatını öyrənmək və onları təchiz etmək;

9.10. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;

9.11. tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;

9.11-1. tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparmaq;

9.12. səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;

9.13. qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri mükafatlandırmaq, «Əməkdar həkim» fəxri adının və digər təltiflərin verilməsi haqqında aidiyyəti üzrə təqdimatlar vermək;

9.14. müvafiq sahədə tibbi konfrans və simpoziumların keçirilməsini təşkil etmək;

9.15. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.16. öz səlahiyyətləri çərçivəsində qüvvədə olan qanunvericilik əsasında normativ sənədlər qəbul etmək;

9.17.  qurumlarının əmr və sərəncamlarını ləğv etmək, digər təşkilatların qanunvericiliyə zidd olan, əhalinin sağlamlığına mənfi təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq;

9.18. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fıziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.19. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən səhiyyənin əsas istiqamətləri üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.20. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.21. qanunvericiliyə uyğun olaraq Nazirliyin strukturunu təkmilləşdirmək;

9.22. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.23. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.24. qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

9.25. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Nazirliyin fəaliyyətinin təşkili

10. Nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

11. Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının  Nazirlər Kabineti təsdiq edir.

12. Nazirliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini vardır. Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Nazir:

14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.3-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini və işçilərini, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi hallar istisna olmaqla, Nazirliyin nomenklaturasına daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş fəxri fərmanlarla təltif edir;

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7. Nazirliyi təmsil edir.

15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinindən müavinlərindən və Nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

20. Nazirliyin kollegiyasının üzvləri arasında fıkir ayrılığı yarandığı hallarda nazir bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

22. Müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Tibbi Şura yaradıla bilər. Elmi-Tibbi Şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.